Şamaxı soyqırımı

Paylaş

Şamaxı soyqırımı — 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasəti.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımdan əvvəlki vəziyyət

1918-ci il mart soyqırımının əsas səbəbləri barədə əvvəllər Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, Kadet partiyasının üzvü B.Baykov öz xatirələrində belə yazırdı:

" Rusiya İmperiyasının bütün neftini Bakı verirdi. Neftin əksəriyyəti Volqa çayı vasitəsilə Rusiya şəhərlərinə daşınırdı. Volqada buzların əriməsilə ticarət gəmilərinin fəaliyyəti martın ortalarında başlanırdı. Bolşeviklərin təxirəsalınmaz vəzifəsi Bakını tezliklə işğal etmək idi. "

Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırıma hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.

Soyqırım

Qoşabulaq və Gürcübazar küçələrinin tinində yerləşən evlərin dağıntıları

Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3-16 apreldə baş verdiyi qeyd olunur. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir:

18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər. Şəhərdə az-çox salamat qalmış tikililər yandırılmışdır. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

Hacı Qasım məscidinin daxili görünüşü

Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib etməyə başlayır. Lakin onlara məlum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat çoxdur. Ona görə də dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Gəncədən olan silahlı dəstələrlə Şamaxının əksər müsəlman əhalisi şəhəri tərk edir. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar və uşaqlar şəhərdə qalırlar. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıqla həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilir. Şəhərdə azərbaycanlıların bütün əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. 120 kənd olmuşdur ki, bunlardan da 86-sı soyqırıma məruz qalıb. Komissiya öz işini dayandırdığına görə soyqırıma məruz qalmış digər 33 kənd haqqında məlumat toplamaq mümkün olmamışdı.

“Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdır. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdır.

Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Hesablamalara görə bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Digər mənbədə isə Şamaxının 72 kəndində 7 min nəfər, 1653 qadın və 965 uşağın qətlə yetirildiyi bildirilir.

Ələkbər bəy Xasməmmədovun məruzəsi

“Şıxminas” bölgəsində Yuxarı meydanda dükanların dağıntılarının görüntüləri

Gəncə Müsəlman Xeyriyyə cəmiyyətinin üzvü Ələkbər bəy Xasməmmədov 1918-ci il martın 28-də Zaqafqaziya Seyminin sədrinə göndərdiyi teleqramda yazırdı: "Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış, top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır."

Ə. Xasməmmədovun məruzəsində göstərilirdi ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı min nəfərdən çox azərbaycanlı qətlə yetirilmişdir.

Nəticə

Böyük Britaniyanın briqada generalı R. Qortonun 8 dekabr 1918-ci ildə Londona göndərdiyi sənəddə 20 min, R. Mustafazadənin kitabında 20 min, A. Balayevin kitabında 30 min, Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın 1918-ci ildə soyqırıma məruz qaldığı göstərilir.

Bəzi mülahizələrə görə, 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş Şamaxı sakinləri Kələxana və Süleyman dərələrində dəfn edilib.

Müasir dövr tədqiqatları sübut edir ki, 1918-ci il qırğınlarında ermənilər azərbaycanlılarla yanaşı yəhudilərəalmanlara və digər milli azlıqlara qarşı da cinayətlər törədib. Bu dövrdə ermənilər tərəfindən 3 minə qədər yəhudinin həyatına son qoyulub. Quba Rayon İcra Hakimiyyətinin Qırmızı Qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi yəhudi İsakov Pisax Davidoviç 1918-ci ildə ermənilərin qətlə yetirdikləri dağ yəhudilərindən 104 nəfərin, və Qırmızı Qəsəbə sakinləri olan 18 nəfər yəhudinin siyahısını prokurorluğa təqdim edib. O zamanlar qətlə yetirilən yəhudilər Digah kəndi yaxınlığında Şimi dərəsinə atılmışlar.

Digər Məqalələr

27-10-2020 18:35
Erməni terrorizminin xronologiyası 1973-1987-ci illər: CİA sənədləri
Dağlıq Qarabağla bağlı regionda gedən proseslər, aktiv müharibənin başlaması erməni terrorunun əl qolunu açıb. Təsadüfi deyil ki, Qarabağı özlərinə da...
21-10-2020 17:04
Erməni terror təşkilatları
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» ...
21-10-2020 17:00
Azərbaycan ərazisində 1989-1994 illərdə törədilən 31 terror faktı
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkil...
21-10-2020 16:50
Quba soyqırımı
Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiris...
Kateqoriyaya keç