BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi

Paylaş

1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprel ayının 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı.

Qətnamənin tərcüməsi:

Qətnamə 822 (1993) 30 Aprel 1993-cü il Təhlükəsizlik Şurası,

Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,

  1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
  1. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
  1. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;
  1. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
  1. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

Digər Məqalələr

21-10-2020 18:58
Madrid prinsipləri
Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə tə...
21-10-2020 18:56
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi
Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma...
21-10-2020 18:54
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 a...
21-10-2020 18:53
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi
Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsi...
Kateqoriyaya keç