1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi.
Qətnamə 874 (1993) 14 oktyabr 1993-cü il Təhlükəsizlik Şurası,
30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək,