1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi.
Qətnamə 884 (1993) 12 noyabr 1993-cü il Təhlükəsizlik Şurası,
30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək, Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,