İrandan Paşinyana son xəbərdarlıq - Bakı ilə tezliklə anlaşmasa...

İrandan Paşinyana son xəbərdarlıq - Bakı ilə tezliklə anlaşmasa...



Tehran regiona kənar oyunçuların cəlb edilməsinə qarşıdır, çünki bölgə toqquşma meydanına çevrilə bilər; Hindistanın “strateji hava yolu” da utopiyadır; bəs İrəvan nəticə çıxaracaqmı? - rəylər

“Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır. Əks halda, bölgə bütün mümkün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək”. “Yeni Müsavat” bildirir ki, bu sözləri İranın müdafiə naziri Məhəmməd Rza Aştiani erməni həmkarı Suren Papikyanla Tehranda görüşü zamanı deyib.

“Biz bölgənin əcnəbilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik. Bu, bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək”, - iranlı nazir qeyd edib. Aştiani həmçinin bütün qonşularla münasibətlərin möhkəmləndirilməsinin İranın xarici siyasətinin tərkib hissəsi olduğunu, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində qətiyyətli mövqeyini bir daha bəyan edib. Əslində İran müdafiə nazirinin yuxarıdakı sözləri regionda sülhün qarantını min kilometrlərlə uzaqda, Avropa və ABŞ-da axtaran və bölgəni yeni toqquşma meydanına sürükləməyə çalışan N.Paşinyan hökumətinə “tərs şillə” sayıla bilər. Çünki sülh və əməkdaşlıq üçün Ermənistanın özünün də qəbul etdiyi “altılıq” formatı var (Cənubi Qafqazın 3 ölkəsi + Türkiyə, Rusiya, İran).

Yəni İrəvan Bakı ilə dil tapmaq məcburiyyətindədir. Kapitulyant ölkəyə təhlükəsizlik zəmanətini də məhz bölgə (qonşu) dövlətlər verə bilər, nəinki uzaq Fransa, ABŞ və ya Hindistan.

Yeri gəlmişkən, Hindistandan Ermənistana strateji hava yolunun açılması planı da böyük ehtimalla baş tutmayacaq. Çünki bu yol yalnız İran vasitəsilə reallaşdırıla bilər. Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək.

Məntiqlə İran bu planın gerçəkləşməsinə imkan verməməlidir, çünki bu, ilk növbədə elə İranın özünə qarşıdır. Belə ki, perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması nəzərdə tutulur. Ermənistanda Aİ missiyasının fəaliyyət göstərdiyi, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən kənarlaşdığı, bu ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsinin getdikcə daraldığı və qarşıdan gələn dövrdə son qoyulmasının planlaşdırıldığı, həmçinin strateji məqsədin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu nəzərə alınaraq, Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesinin yürüdüldüyü aydınlaşır. Belədə İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olur ki, bunun da nəticədə İranın özü üçün hansı problemlər yaradacağı aydındır...

Bəs özünü Qərbin qucağına atan, “ikili oyun” oynayan Ermənistan heç olmasa, İranın sərt xəbərdarlığından nəticə çıxaracaqmı? Azərbaycanla yeni müharibəni mümkünsüz edəcək sülh müqaviləsini imzalamağı tezləşdirəcəkmi? Daha əvvəl İran prezidenti İbrahim Rəisi də Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə İrəvana xəbərdarlıq edib və bildirib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək. Qeyd olunub ki, Ermənistan Rusiya ilə müttəfiqlikdən imtina edəcəyi təqdirdə, İran bu ölkənin təhlükəsizliyini təmin etməyi təklif edib. Rəsmi Tehran ultimatumu gizlətməyib. İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşlə bağlı açıqlamada Rəisinin sözlərindən sitat gətirilib: “Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar şəxslərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”. Hazırda Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda geosyasi təsirini artırmaq səyləri sərhədlərin təhlükəsizliyi strategiyası adı altında həyata keçirilir. Yəni Avropa İttifaqı, bu quruma üzv olan ölkələr və ABŞ Ermənistanın sərhədlərinin Azərbaycandan “müdafiəsi” məsələsini tez-tez gündəmə gətirməklə bölgədəki mövcudluğunu təhlükəsizliyi təmin etmək zərurəti ilə əsaslandırır.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq və əvəz etmək uğrunda Avropa İttifaqı, Rusiya, ABŞ, Fransa, Türkiyə, İran, Almaniya arasında geosiyasi rəqabətin artması müşahidə olunur. Bu rəqabətin episentrini isə Zəngəzur təşkil edir. Son vaxtlar ABŞ-ın Ermənistanla hərbi strateji əməkdaşlığının yüksələn xətt üzrə getməsi, amerikalı hərbçilərin tez-tez İrəvana səfərləri İranı daha çox narahat etməyə başlayıb. Ona görə də Tehran Ermənistanın KTMT-dən və Rusiyadan tədricən uzaqlaşaraq Qərbin təhlükəsizlik sisteminə inteqrasiyasını özünə qarşı təhdid kimi görür. İbrahim Rəisinin Mher Qriqoryana xəbərdarlıq etməsi də Paşinyan hakimiyyətinin qərbyönümlü siyasətinin İran istiblişmentində etiraza səbəb olduğunu göstərir.

Asif Nərimanlı yazır...

Siyasi şərhçi Asif Nərimanlıya görə. son dövrlər Tehranın “regiona xarici oyunçuların gətirilməsi” məsələsində reallığı gördüyünə dair məlumatlar var: “Paşinyanın müavini Mher Qriqoryanı Tehranda qəbul edən İran prezidenti İbrahim Rəisi bu barədə xəbərdarlıq etmişdi. Lakin bu, İran və Fransanın Ermənistanla bağlı ortaq möqveyinin dəyişməsi demək deyil. Birincisi, Tehran Fransa qüvvələrinin Ermənistanda yerləşməsinə qarşı praktiki addım atmayıb, əksinə, Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edərək, İrəvana dəstək məqsədilə Zəngəzurda hərbi baza yaratmaq planları qurur. İkincisi, Fransanın lobbiçiliyi ilə Hindistandan Ermənistana silahların İran üzərindən daşınması həyata keçirilir. Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana səfəri də bu ölkə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə və silah daşınmasında Tehranın tranzit rolunu gücləndirməyə hesablanıb”.

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı


Siyasi təhlilçi Aqşin Kərimov isə hesab edir ki, Azərbaycanla İranın dil tapdığı nöqtə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daha qabarıq görünür: “Bununla belə, hiss edilir ki, İranın Ermənistanla müttəfiqlik münasibətləri soyuyur. Bu o deməkdir ki, İran Zəngəzur dəhlizinə maneəni Ermənistanı mühafizə etməkdən ötrü yox, özünün maraqlarını irəliyə doğru aparmaq üçün inkişaf etdirir. İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya ilə strateji birləşməsindən, bunun Tehranı regional izolyasiyaya salacağından qorxur. Bu prosesdə Tehran İrəvandan təcrid ediləcəyindən narahatdır, çünki onun məntiqinə əsasən, Zəngəzur dəhlizi İranın beynəlxalq çıxışlarından birini bloklayır. Amma Azərbaycanla İranın "Araz" dəhlizində iştirakı Tehranın bu qorxularını bir qədər azaldır. Çünki bu dəhliz Türkiyə ərazisi vasitəsilə İslam Respublikasına Aralıq dənizi və Qara dənizlərə çıxış imkanı verə bilər". Ekspertin fikrincə, nəticədə Azərbaycanla İranın rəqabət arenası böyük ölçüdə Zəngəzur dəhlizi ilə əlaqədar canlanır: “Hərçənd ki, Tehranın burada rəqabətədavamlılıq qabiliyyəti zəifləyə bilər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”