İcra başçısından HƏQARƏT: “Torpağınız işğaldan azad olunub, rədd olun öz rayonunuza…” – ŞİKAYƏT

İcra başçısından HƏQARƏT: “Torpağınız işğaldan azad olunub, rədd olun öz rayonunuza…” – ŞİKAYƏT


Su tələb edən Ağdam sakini Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həbs etdirilib.

Bu barədə Yenicag.az-a Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu məlumat verib.

Şikayətçinin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar:

“Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm. Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”.

Nazim Həsənovun sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib:

“Su istəmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbuluna getdim. Ona dedim ki, torpağım susuzluqdan yanır. Su istədim. Problemləri onun nəzəriə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, mənimlə kobud danışır, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər. Mənimlə prinsip aparırlar. İcra başçısı üzümə qarşı dedi ki, torpağınız işğaldan azad olunub, rədd olub gedin öz torpağınızı əkib-becərin, imkan verin kənd sakinləri o torpaqdan istifadə etsin”.

Nazim Həsənov ölkə rəhbərliyinə müracət edərək, haqsızlığın aradan qaldırılmasında yardım istəyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ağcabədi rayon İcra Hakimiyyətinin mövqeyi
Məlumat üçün bildirik ki, Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulunda olarkən yonca sahəsinə su verilməsini tələb etmiş, lakin ona izah olunmuşdur ki , pambıq sahələri suvarıldıqdan sonra növbəlilik əsasında yonca sahələrinə də su veriləcəkdir. Buna baxmayaraq vətəndaş Həsənov Nazim Çingiz oğlu qəbul zamanı özünü intizamsız apardığına, qəbulu pozduğuna görə aktlaşdırılaraq Ağcabədi Rayon Polis şöbəsinə verilmişdir.
Qeyd edirik ki, Sarıcalı bələdiyyəsinin mülkiyyətinə aid olan 16.3 ha torpaq sahəsinin 5 ha Həsənov Nazim Çingiz oğlu, 5 ha qardaşı Həsənov Saməddin Çingiz oğlu istifadə edir. Rayon İcra Hakimiyyətinin məsul işçisinin, Ağcabədi SSİ-nin rəisinin və idarənin digər əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilərkən 5 ha yonca sahəsinin 3-cü biçiminin toplandığını, qardaşının istifadəsində olan 5 ha sahəsinin isə otarıldığı müəyyən olunmuşdur. Hal-hazırda Nazim Həsənovun istifadəsində olan 5 ha yonca sahəsini 3-cü dəfə, qardaşı Saməddin Həsənovun istifadəsində olan yonca sahəsi 4-cü dəfə suvarma suyu ilə təmin olunmuşdur.
Qeyd edilənləri nəzərə alaraq bildirik ki, Həsənov Nazim Çingiz oğlunun RİH başçısı tərəfindən qəbul olunarkən onun rayon rəhbərliyi haqqında səsləndiridiyi fikirlər əssasız olmaqla şər və böhtan xarakterlidir.