“Qarabağ”dan “Bayer”ə iki zərbə - 13 və 10 aylıq... Qırıldı!

“Qarabağ”dan “Bayer”ə iki zərbə - 13 və 10 aylıq... Qırıldı!

“Qarabağ” “Bayer” üzərində qazanacağı qələbə ilə dünyanın diqqət mərkəzinə düşə bilərdi.

Bu, Leverkuzen təmsilçisinin 34 oyunluq, başqa cür desək, 10 aylıq məğlubiyyətsizlik seriyasının sonu olacaqdı.

Patrik Şikin son saniyələrdə başla vurduğu qol olmasaydı, tarixi nəticəyə şahidlik edəcəkdik.

Lakin 2:2-lik bərabərliyin özü də “Bayer” azarkeşləri üçün unudulmaz qalacaq.

Xabi Alonsonun yetirmələrinin avrokuboklarda sonuncu dəfə qapısından nə vaxt 2 top buraxdığını bilirsinizmi?

1 il 1 ay əvvəl. Ötən il fevralın 23-də “Monako” ilə səfər qarşılaşmasında. Avropa Liqasının pley-off mərhələsində keçirilən dueldə “Bayer” Fransada “Monako” üzərində 3:2 hesablı qələbəyə sevinib.

Leverkuzenlilər o vaxtdan bu yana Avropa Liqasında 12 oyun keçirib, “Ferentsvaroş”, “Yunion”, “Roma”, “Hekken” və “Molde” kimi komandalarla üz-üzə gəlsə də, qapısından 2 top buraxmamışdı.

“Bayer”in Avropa Liqasında heç-heçə etdiyi oyun da uzun müddəti əhatə edir. Ötən il sözügedən yarışın yarımfinalında mayın 18-də “Roma” ilə səfər oyununda heç-heçə qeydə alınmışdı.

Almanlar İtaliyada 0:1 hesabı ilə məğlub olmuş, “BayArena”da qolsuz bərabərlik qeydə alınmışdı. O vaxtdan sonra 6 matçın hamısını qalibiyyətlə başa vurmuşdu.

Yəni, avrokuboklarda 13 aydır qapısında 2 top görməyən “Bayer”, həm də maydan bu yana 6 oyunun hamısında qələbə qazanmışdı.

HƏBİB / SPORTİNFO.AZ