Bakı küçələrinin taksilərdən tam təmiz günü – təxribatçı xəbərlər sosial şəbəkələri götürüb…

Bakı küçələrinin taksilərdən tam təmiz günü – təxribatçı xəbərlər sosial şəbəkələri götürüb…

Elməddin Muradlı: “Taksi fəaliyyəti ilə bağlı proqramlar dayandırılarsa bu sahədə böyük xaos yaranar, ona görə də belə qərarın verilməsi mümkün deyil”
img
Son günlər sosial şəbəkədə taksilərin işləməyəcəyi, taksi şirkətlərinin proqramlarının bağlanacağı barədə məlumatlar yayılıb. “Elfam Elfam” adlı sosial şəbəkə istifadəçi Bakıda taksi fəaliyyəti ilə bağlı maraqlı bir status yayıb. Sözügedən şəxs oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyini, bununla bağlı proqramların bağlanacağını bildirib.

O yazır ki, oktyabrın 1-dən etibarən bütün taksi sürücüləri proqramın bağlandığını görəcəklər: “Səhər yerindən durub taksi sifariş edənlər də proqramın işləmədiyinə şahid olacaqlar. Axşama doğru işdən çıxan müştərilər taksi tapa bilmədiyi üçün kütləvi şəkildə metroya, avtobus dayanacaqlarına doğru hücum çəkəcəklər. O gün şəhərin yükü normalda 2 saata bitirdisə, indi 4 saat çəkəcək. Gizlicə taksilər 10-15 manata müştəri daşıyacaq və s. Axşam saatlarında isə sosial şəbəkələrdə ciddi böhran, narazılıq baş alıb gedəcək”.

Qeyd edək ki, bu xəbərdən anlaşılan odur ki, otyabrın 1-dən taksi sürücülərinin istifadə etdikləri müştəri qəbul etmələri üçün nəzərədə tutulan proqram fəaliyyətini dayandıracaq. Və həmin proqramın açılması da mümkün görünmür.

Onu da bildirək ki, son günlər bu cür məlumatlar çoxalıb.

“Bəzi taksi şirkətləri və sürücülər yeniliyi həzm edə bilmir, istəyirlər ki, xaotik vəziyyət hökm sürsün, heç bir qayda-qanuna əməl etməsinlər”
Nəqliyyat eksperti Elməddin Muradlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, oktyabrın 1-dən müəyyən qaydalar qüvvəyə minir: “Bəzi taksi şirkətləri və sürücülər ola bilsin ki, bunu həzm edə bilmir, istəyirlər ki, xaotik vəziyyət hökm sürsün, heç bir qayda-qanuna əməl etməsinlər. Qeyd olunan tarixdən taksi sürücüləri təlimlər keçməli, qaydalara uyğun işləməlidirlər. Danılmaz faktdır ki, küçələri tanımayan nə qədər taksi sürücüsü var. Avtomobili bərbad vəziyyətdə olan, öz davranışları ilə pis nümunə olan, qadınlara sataşan, yol hərəkəti qaydalarını pozan sürücülər var. Eşidirlər ki, Bakıda “prius”ları icarəyə verirlər, gəlib, maşın götürür, düşürlər şəhərin canına. Nazirlər Kabinetinin qoyduğu kriteriyalar elə də çətin deyil. Sürücü təlim mərkəzləri hazırda taksi sürücülərinə təlimlər keçir. Bundan sonra imtahan verməlidirlər. İmtahan nəticəsinə uyğun sertifikatını alır, 7 il müddətinə qüvvədə olan ödənişləri edir. 25 manat biridir, 75 manat da biri. Aylıq fərqlənmə nişanlarını da alıb, normal taksi fəaliyyətilə məşğul olurlar”.

Ekspert bildirdi ki, sosial şəbəkədə taksi proqramlarının bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqət deyil. Taksi fəaliyyəti ilə bağlı proqramlar dayandırılarsa bu sahədə böyük xaos yaranar. Ona görə də belə qərarın verilməsi mümkün deyil.

Günel CƏLİLOVA