Azərbaycanda VPN işlədənlərə CİDDİ XƏBƏRDARLIQ - Şəxsi məlumatlarınız, bank hesablarınız...

Azərbaycanda VPN işlədənlərə CİDDİ XƏBƏRDARLIQ - Şəxsi məlumatlarınız, bank hesablarınız...


VPN (Virtual Şəxsi Şəbəkə) müxtəlif şəbəkələrə qoşulmağa imkan verən internet texnologiyasıdır. İstifadəçinin internetdə IP ünvanını gizlətmək və ya internetdə girişi bloklayan proqramlardan yan keçmək üçün hazırlanmışdır.

Həm stolüstü kompüterlər, həm smartfonlar, həm də planşetlərə, “Chrome”, “Firefox” və s. internet brauzerlərinə əlavələr kimi quraşdırıla bilən VPN tətbiqləri var.

Bəs VPN işlətmək təhlükəlidirmi?

Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Referans.Az-a açıqlamasında Telefona VPN yükləyərkən tətbiq istifadə üçün bəzi icazələr istəyir ki, bu da cihazdan şəxsi məlumatların ələ keçirilməsini asanlaşdırır:

“Əvvəlcə biz VPN-in açılış mənasına baxsaq, bu virtual private network deməkdir, yəni virtual şəxsi hesab. İstifadəçilər qadağan olunmuş və ya istifadəsinə məhdudiyyət qoyulmuş proqram və proqram təminatına daxil olmaq istəyirsə, o zaman VPN servisindən istifadə edə bilir. VPN servisi isə istifadəçiyə şifrələnmiş bir tunel təklifi verir. Biz bunun 44 günlük vətən müharibəsində və yaxın günlərdə baş vermiş 1 günlük lokal antiterror əməliyyatı zamanı şahidi olduq ki, ölkə daxilində internetdən istifadə etmək istəyiriksə, VPN-dən istifadə etməliyik. Biz normalda internet provayderlərinin göstəridiyi marşrut xətlərdən istifadə edirik. VPN isə bizim ölkə xəttinin təklif ediyi marşrut xəttindən kənarlaşıb başqa bir ölkənin internet xəttindən istifadə etməyə imkan verir”.

Mütəxəssis qeyd edib ki, VPN-lərin server bazası bəlli olmur. Onun sözlərinə görə, əgər hər hansı bir şəxs istifadəçi olaraq VPN servisindən istifadə edirsə, cihazının bütün icazələrini həmin VPN servisinə vermiş sayılırsan: “Bu zaman sənin bank proqramı məlumatların, şəxsi məlumatların, telefondakı şəxsi şəkil və videoların ələ keçirilə bilər. İstifadəçinin telefonda olan bütün müsajları, bank əməliyyatları, gizli şifrələri və bunun kimi çox önəmli olan bir bütün məlumatlar ələ keçirilə bilər. Eyni zamanda İcloud, Google drive, Cloud mail istifadə edən şəxslərin də məlumatları ələ keçirilə bilər”.

Elvin Həsənov əlavə edib ki, VPN tətbiqindən yalnız ən vacib anlarda və lisenziyalı proqramlardan istifadə etmək lazımdır. Amma pulsuz təqdim olunan VPN-lərdən isitfadə etmək qətiyyən düzgün deyil, çünki həmin VPN-lərin servis bazası bəlli olmur. Buna görə də bizim məlumatlarımız ələ keçirilə bilər.
Aqil Qarayev
Hurriyet